Bəhailər, inanc və köklərindən asılı olmayaraq cəmiyyətin bütün təbəqələrindən olan insanların sosial və maddi rifahını irəli aparmaq üçün ictimai-sosial fəaliyyətlərlə məşğul olurlar. Bu səylər insanlığa xidmət etmək və konstruktiv sosial dəyişikliyə töhfə vermək niyyəti ilə edilir. İctimai-sosial fəaliyyət belə bir inamla irəli aparılır ki, hər bir əhali öz tərəqqi yolunu müəyyən etməyə qadir olmalıdır. Sosial dəyişiklik bir qrup insanın digər bir qrupun faydası üçün həyata keçirdiyi bir layihə deyildir. Fundamental olaraq, bəhailər biliyi sosial mövcudluğun mərkəzində qoyurlar, cəhalət və savadsızlığı isə zülmün ən ağır forması hesab edirlər. Hər bir insanın biliyə əlinin yetişməsi haqqı var və eyni zamanda da, öz istedad və qabiliyyətlərinə uyğun olaraq onun yaranmasında, tətbiqində və yayılmasında məsuliyyəti vardır. İctimai-sosial fəaliyyətin başlıca qayəsi daha yaxşı bir dünya qurmaq üçün fərdlərdə və icmalarda qabiliyyət yetişdirməkdir.
Bəhai sosial-iqtisadi səylərinin diapazonu dəyişir. Bu cür təşəbbüslərin əksəriyyəti miqyas və əhatə baxımından sadə və mütəvazedir və onları həyata keçirən yerli icmaların resursları ilə dəstəklənir. Bu kontekstdə inkişaf üçün qoyulan səylər adətən, kiçik qruplar tərəfindən həyata keçirilir və kollektiv şüurun yetkinləşməsindən doğur. Onlar çox vaxt təhsil, səhiyyə, gigiyena, kənd təsərrüfatı, yaxud ətraf mühitin mühafizəsi ilə bağlı olur. Bir sıra hallarda cəmiyyətin ən sıravi hissəsində sosial fəaliyyətlə məşğul olanlar öz fəaliyyətlərinin diapazonunu üzvi bir şəkildə genişləndirə bilirlər və onda onların səyləri inzibati strukturun olmasını tələb edərək daha dayanıqlı layihələrə qədər inkişaf edir.