Ümumdünya Ədalət Evi (1963-cü ildə yaradılımışdır)

Ümumdünya Ədalət Evi bu gün Bəhai Dininin Beynəlxalq İdarəedici orqanı və Həzrət Bəhaullahın Əhdinin Mərkəzidir. Həzrət Bəhaullah bu təsisatın yaradılmasını Özünün qanunlar Kitabında, Kitab`i-Əqdəsdə hökm etmişdir.   Ümumdünya Ədalət Evi doqquz nəfər üzvdən ibarət bir qurum olub, hər beş ildən bir bütün Milli Bəhai Məhfilləri tərəfindən seçilir. Həzrət Bəhaullah bəşəriyyətin rifahına, təlim-tərbiyənin yayılmasına, sülhə və qlobal firavanlığa, insanın şərəfinin və dinin mövqeyinin qorunmasına təsir göstərmək üçün ona ilahi hakimiyyət əta etmişdir. O, Bəhai təlimlərini daim təkmilləşməkdə olan cəmiyyətin tələblərinə tətbiq etməyə məsuldur və beləliklə, Dinin müqəddəs mətnlərində aydın-aşkar göstərilməmiş məsələlər üzrə qanun vermək səlahiyyətinə malikdir.   1963-cü ildə, birinci dəfə seçilməsindən bəri Ümumdünya Ədalət Evi dünya Bəhai icmasını firavan bir qlobal sivilizasiyanın qurulmasında iştirak etmək üçün qabiliyyətini inkişaf etdirməyə istiqamətləndirmişdir. Ümumdünya Ədalət Evinin verdiyi ilahi rəhbərlik, Həzrət Bəhaullahın dünya sülhü barədə baxışını gerçəkliyə çevirməyi öyrəndikcə Bəhai icmasında fikir və hərəkət birliyini təmin edir.
“Hər günün öz yeni müşkülü, hər müşkülün öz uyğun həlli olduğu üçün, belə işlər Ədalət Evinin Əminlərinə həvalə edilməlidir ki, onlar zamanın ehtiyacına və tələbinə görə hərəkət etsinlər.”                      
--Həzrət Bəhaullah

Misilsiz Təsisat

Ümumdünya Ədalət Evi din tarixində nadir bir təsisatdır. Əvvəllər heç vaxt heç bir Məzhər açıq şəkildə, Onun dininin bütövlüyünü və çevikliyini saxlamaq, onun birliyini və ardıcıllarının fəaliyyətlərini istiqamətləndirmək, cəmiyyətin həyatına faydalı təsir göstərmək səlahiyətinə malik bir təsisatın qurulmasını hökm etməmişdir.   Həzrət Bəhaullahın ona əta etdiyi səlahiyyətin gücü ilə Ümumdünya Ədalət Evi xüsusiyyətləri, hakimiyyəti və iş tərzi Müqəddəs Yazılarda aydın elan olunan inzibati nəzmin başçısı kimi dayanır. Bu təsisatlar, missiyası insan potensialının inkişafı və sivilizasiyanın irəlilədilməsi olmaqla, qayğıkeş xidmət ruhu ilə xarakterizə olunurlar.

Səlahiyyət və Vəzifələri
Ümumdünya Ədalət Evinin seçilmiş üzvləri Bəhai Müqəddəs Yazılarında “Allahın bəndələri arasında Onun Əminləri və Onun ölkələrində hakimiyyət məşriqləri”, “Ədalət kişiləri”, “Allahın Vəkilləri”, “Mərhəmət Sahibinin Əminləri” kimi təsvir olunurlar... Onlar “Onun sürüsünə çoban” olmalı, Həzrət Bəhaullahın ardıcıllarının birlik və rifahını qorumalı və hifz etməli, həmçinin, Allah xofunun təzahürləri və bilik və anlayış məşriqləri,” Allahın dinində möhkəm və bütün bəşərin xeyirxahları olmalıdırlar.” ​ Ümumdünya Ədalət Evi insanların işləri üçün məsuliyyət daşıyır. O, Bəhai təlimlərini “insanların təlim-tərbiyəsinə, millətlərin inkişafına, insanın müdafiəsinə və onun şərəfinin qorunmasına...” tətbiq etməlidirlər. O həmişə və bütün şərtlər altında insanların maraqlarına ən yüksək diqqət göstərməli, kişilərin, qadınların və uşaqların müdafiəsini təmin etməlidir.   Dünyada sülh işinin irəlilədilməsi də Ümumdünya Ədalət Evinin məsuliyyətləridən biridir, “ta ki yer üzü xalqları həddən artıq məsrəf yükündən azad olalar.” Onun üzvləri bundan əlavə “bütün gücləri ilə çalışmaldırlar ki, dinin məqamını “qorusunlar və dünyanın nəzərində onun maraqlarını irəlilədərək onun məqamını ucaltsınlar...” “Dəyişiklik bu dünyanın, zamanın və məkanın zəruri keyfiyyəti və mühüm xüsusiyyəti olduğundan”, Ümumdünya Ədalət Evinə Həzrət Bəhaullah Öz Yazılarında xüsusi olaraq baxmadığı məsələlərə baxmaq və onlardan uyğun olanları tətbiq etmək səlahiyyəti vermişdir.   “Hər günün öz yeni müşkülü, hər müşkülün öz uyğun həlli olduğu üçün,” Həzrət Bəhaullah yazırdı, “belə işlər Ədalət Evinin Əminlərinə həvalə edilməlidir ki, onlar zamanın ehtiyacına və tələbinə görə hərəkət etsinlər.”   Yazılarında Həzrət Bəhaullah təminat verdi ki, Ümumdünya Ədalət Evi “Müqəddəs Ruhdan ilham və təyid alaraq…” qərarlar qəbul edəcək və qanunlar verəcəkdir. Bəhailər üçün “Onun qərarlarına itaət vacib və mühüm vəzifə və mütləq öhdəlikdir...”  

Mənbələri

Ümumdünya Ədalət Evi təsisatı Həzrət Bəhaullah tərəfindən Onun Ən Müqədəs Kitabında, Kitab`i-Əqdəsdə hökm olunmuşdur. Onun məsuliyyətləri, habelə, Həzrət Bəhaullahın digər Yazılarında da geniş şərh edilmişdir. Həzrət Əbdül-Bəha Öz Vəsiyyətnaməsində Ümumdünya Ədalət Evinin səlahiyyətini təsdiq etmiş və onun qurulması və işini təfərrüatı ilə izah etmişdir.   XX əsrin ilk illərində, həyatı xüsusilə təhlükədə olan bir dövrdə, Həzrət Əbdül-Bəha Onunla nəsə bir hadisə baş verdiyi təqdirdə, Ümumdünya Ədalət Evinin seçilməsi üçün tədbirlər görmüşdü. İş elə gətirdi ki, bu ehtiyat tədbirinə ehtiyac olmadı.   Həzrət Əbdül-Bəhanın vəfatından sonra, Şövqi Əfəndi, Bəhai Dininin Mühafizi, Ümumdünya Ədalət Evinin qurulmasına böyük əhəmiyyət verdi.O, dünya Bəhai İcmasını otuz il ərzində ən parlaq istilahlarla dəfələrlə gələcəkdə yaranmalı olacaq o əlverişli məqamı təsvir edərək Ümumdünya Ədalət Evinin seçilməsi üçün hazırladı. Lakin ilk növbədə qlobal yerli və milli məhfillər şəbəkəsini yaratmaq lazım idi ki, belə bir qüdrətli təsisat üçün möhkəm təməl qoyulsun. Yaranan hər bir Milli Ruhani Məhfil “Ümumdünya Ədalət Evinin ağırlığını saxlamaq və təməlini genişləndirmək” üçün bir sütun oldu.   1951-ci ildə Şövqi Əfəndi bir neçə fərdi Ümumdünya Ədalət Evinin sələfi olan Beynəlxalq Bəhai Şurasına üzv təyin etdi. 1961-ci ildə isə bu təyin olunmuş Şura o zaman dünyada qurulmuş Milli və Regional Məhfillər tərəfindən seçilən bir orqana çevrildi.   1957-ci ildə Şövqi Əfəndinin qəfil vəfatından sonra, onun işi Allahın Əmrinin Əlləri kimi təyin etdiyi görkəmli bəhailərin bir qrupu tərəfindən davam etdirildi. Bu fərdlər Ümumdünya Ədalət Evinin birinci seçkisini təşkil etdilər.   O, 1963-cü ildə Həzrət Bəhaullahın Öz Missiyasını elan etməsinin yüzillik ildönümündə, o zaman dünyada qurulmuş bütün 56 Milli Ruhani Məhfil tərəfindən seçildi. Beynəlxalq Bəhai Şurası Ümumdünya Ədalət Evinin seçilməsi ilə öz işini bitirdi.   Ümumdünya Ədalət Evinin yaradılması çox böyük əhəmiyyət daşıyan bir hadisə idi. Bir əsrdən çox genişlənmə və möhkəmlənmədən sonra – demokratik qlobal seçki prosesi ilə - dünya bəhailəri onların işlərini idarə etmək üçün Həzrət Bəhaullahın müəyyən etdiyi daimi beynəlxalq təsisatı yaratmağa qadir oldular.   Yaranmasından bəri Ümumdünya Ədalət Evi, Bəhai icmasının qurulmasına və möhkəmlən-məsinə təxminən, yarım əsr vaxt həsr etmişdir ki, bunun nəticəsində yaranan lazımi resurslar və qabiliyyətlərə malik olmaqla, bəhai icması dünyanın yaxşılaşması üçün Həzrət Bəhaullahın təlimlərini tətbiq etmək prosesi ilə Onun öngördüyü qlobal sivilizasiyanın qurulmasında iştirak etsin.   Öz işində onu dəstəkləmək üçün Ümumdünya Ədalət Evi daha sonra, bir sıra təyin olunan təsisatlar yaratdı: onların arasında Qitə Müşavirləri Heyətləri və Beynəlxalq Təbliğ Mərkəzi vardır.   Həzrət Bəhaullahın şərtləndirdiyi kimi, Ümumdünya Ədalət Evinin iqamətgahı Müqəddəs Torpaqda Karmel Dağında, Həzrət Babın Məqamının yaxınlığında yerləşir.  

Seçki Prosesi

Ümumdünya Ədalət Evi üç mərhələli seçki prosesi ilə seçilir. Hər bir milli Bəhai icmasında, bütün inzibati hüquqlu bəhailər (21 yaşlı və ondan yuxarı), bütün ölkə boyu ildə bir dəfə nümayəndə seçkiləri kimi tanınan təməl icma səviyyəsində seçkilərdə iştirak etmək hüququna malikdirlər. Bu seçkilərdə bəhailər gizli səsvermə ilə nümayəndələr seçirlər ki, onlar da bir inzibati il ərzində Milli Ruhani Məhfildə xidmət edəcək doqquz nəfəri seçmək məsuliyyəti daşıyırlar. Sonra isə Milli Qurultayda Milli Ruhani Məhfil seçilir. ​   Bütün Milli Ruhani Məhfillərin üzvləri isə, öz növbələrində, Ümumdünya Ədalət Evində xidmət etmək üçün doqquz nəfəri seçirlər. Ümumdünya Ədalət Evinin seçkisi hər beş ildən bir Beynəlxalq Bəhai Qurultayında həyata keçirilir. Bir neçə gün davam edən bu Qurultay İsraildə Bəhai Dininin Dünya Mərkəzində keçirilir, burada Milli Ruhani Məhfillərin üzvləri məsul olduqları bu vəzifəni (seçkini) yerinə yetirməyə hazırlaşmaq üçün Müqəddəs Məqamları ziyarət edirlər. Səs verərəkən onların fikrində hər şeydən əvvəl Bəhai Yazılarından , “bilik və anlayış Məşriqləri”, “Allahın dinində möhkəm”, və “bütün bəşərin xeyirxahı” kimi belə əzəmətli bir qurumda xidmət etmək üçün seçdikləri insanları təsvir edən parçalar olur. Bütün bəhai təsisatlarının seçki qaydasında olduğu kimi, Ümumdünya Ədalət Evinin seçkisində hər hansı bir namizəd irəli sürmə, seçki kampaniyası, təşviqat və təbliğat sistemi yoxdur.   Ümumdünya Ədalət Evinin üzvləri ancaq kişilərlə məhdudlaşır. Bu təəccüblü görünsə də, bu şərt Həzrət Bəhaullahın Özü tərəfindən hökm edilmişdir. Həzrət Əbdül-Bəha buyurmuşdur ki, bunun hikməti gələcəkdə aydınlıqla başa düşüləcək. Bəhai Yazıları kişilərlə qadınların bərabərliyi barədə bəlağətli müddəalarla doludur, lakin Ümumdünya Ədalət Evində üzvlüyün ancaq kişilərdən ibarət olması heç vəchlə kişilərin qadınlardan üstün olması anlamına gəlmir. Həzrət Əbdül-Bəha yazır ki, kişi və qadınların bərabərliyi “bərqərar olmuş bir faktdır.” Ümumdünya Ədalət Evi dünya üzrə bəhai icmasına istiqamət verərkən, xüsusilə qadınların və qız uşaqlarının inkişafı və təhsil almasına ayrılmış resurslar vasitəsilə, Beynəlxalq Bəhai İcmasının Birləşmiş Millətlər Təşkilatında verdiyi bəyanatlarla, bəhailərin konfranslarda, seminarlarda və digər sahələrdə iştirakları ilə bu prinsipin inkişaf etdirilməsinə və yayılmasına tam öhdəlik və sədaqətlə yanaşır.  

Bəhai Dünya Mərkəzi 

Öz xidmət dövründə Şövqi Əfəndi aşılmaz kimi görünən maddi əngəlləri aşaraq dünyanı sarmış Bəhai dininin mərkəzini və sinir sistemini Müqəddəs Torpaqda qurmağa başladı.   Bu cəhətdən çiyninə götürdüyü çoxlu vəzifələr-dən biri xüsusilə ağır idi – Həzrət Bəhaullahın Məqamını və ona bitişik binaları və torpaqları qorumaq. Mülkün bütövlüyünün təmin edilməsi və ətrafının gözəlləşdirilməsi bir iş idi ki, həyatı-nın sonuna qədər onu məşğul etdi. Hayfada o, Karmel Dağında Həzrət Babın Məqamının üst hissəsinin tikintisinə nəzarəti həyata keçirdi, qızılı gümbəzi ilə bu Məqam “Karmelin Kraliçası” kimi tanındı. Həmçinin hər iki Məqamların ətrafında əzəmətli bağlar saldı, Bəhai tarixi ilə bağlı olan digər yerləri o cümlədən, Həzrət Əbdül-Bəhanın bacısı, qardaşı, anası və həyat yoldaşının uyuduqları yerlərin ətraflarını əldə etdi, bərpa etdi və gözəlləşdirdi.   Karmel Dağında Əmrin dünya inzibati binalarını tikmək üçün Şövqi Əfəndi dağın ətəyində bir “tağ” cızdı ki, onun ətrafında Bəhai Dininin beynəlxalq təsisatlarının binaları yerləşəcəkdi. Onlardan birincisi, Beynəlxalq Arxivin binası onun vəfatından bir az öncə tikilib başa çatdırıldı.
Şövqi Əfəndinin Süudu
Nəhəng vəzifə və məsuliyyət yükü daşımasına baxmayaraq, Şövqi Əfəndi bu qədər məşğulluq içərisində tapdığı vaxtı şərqdən və qərbdən Müqədəs Torpağa gələn zairləri qarşılamağa həsr edirdi. O onlarla görüşür, onları təşviq edir və məsləhət verir, dünya miqyasında icmanın tərəqqisi barədə xəbərləri bölüşürdü. 1957-ci ilin noyabrında, Bəhai dünya Mərkəzinin binaları və bağları üçün mebel və bəzəklər almaq üçün Londona səfər edərkən Şövqi Əfəndi qəflətən, 60 yaşında vəfat etdi.Bəhai dünyası dərin kədər içində qaldı. Onun uyuduğu yer Londonun şimalında, Yeni Soutqeyt (New Southgate) qəbirstanlığındadır. Bu gün bu yer bütün dünyadan gələn ziyarətçilər üçün dua və meditasiya yeridir.