Daim İnkişafda olan Sivilizasiyada Din

Bütün tarix boyu böyük dünya dinləri sivilizasiyaların yaranmasına səbəb olmuşdur. İnsanlığın min illər sürən kollektiv körpəlik və yeniyetməlik dövründə dünyanın böyük dinlərinin gətirdiyi inanc sistemləri insanları birləşməyə və ailədən tayfaya, sonra şəhər-dövlət və millətlərə qədər daim yüksələn səviyyələrdə əməkdaşlıq bağları yaratmağa qabil etmişdir.
İnsan nəsli qlobal sivilizasiyaya doğru irəlilədikcə, dinin əməkdaşlığı inkişaf etdirmək və mədəni təkamülə təkan vermək gücü bu gün həmişəkindən daha yaxşı anlaşıla bilər.


Dünya dinlərinin Banilərinin təlimləri ədəbiyyatda, memarlıqda, rəssamlıqda və musiqidə heyrətamiz nailiyyətlərə ilhamlandırmışdır. Onlar elmin və təhsilin inkişafını bəsləmişdir. Onların mənəvi-əxlaqi prinsipləri insani münasibətləri tənzimləyən və yüksəldən universal qanunlar kodeksində əksini tapmışdır. Bu misilsiz qabiliyyətə malik Şəxslər Bəhai yazılarında “Allahın Məzhərləri” adlandırılmışdır. Onların arasında Həzrət Krişna, Həzrət Musa, Həzrət Zərdüşt, Həzrət Budda, Həzrət İsa Məsih, Həzrət Məhəmməd, Həzrət Bab və Həzrət Bəhaullah vardır. Tarix bu Simaların xalqlarda sevmək, bağışlamaq, təəssübü aşmaq, ümumi rifah naminə fədakarlıq etmək kimi qabiliyyətlərini necə oyatmaları barədə saysız-hesabsız misallar təqdim edir. Bu nailiyyətlər insan nəslinin ümumi ruhani mirası kimi qəbul edilə bilər.
Bu gün bu kiçik planetdə suveren dövlətlər əməkdaşlıq və rəqabət kimi iki zidd yanaşma arasında çıxılmaz vəziyyətdə qalmışdır. Bütövlükdə insanlığın rifahı və ətraf mühitin qorunması milli mənfəət və maraqlara qurban gedir. Rəqabət aparan, “biz” və “onlar”a parçalanmış dünya xalqları müharibə, terrorizm, iqtisadi bərabərsizlik, ekoloji fəlakətlərin gətirdiyi böhranlara düçar olub.
Həzrət Bəhaullah bəyan etmişdir ki, insanlıq indi uzun zamandan bəri gözlənilən kamillik mərhələsinə − ictimai-sosial təşkilatlanmanın qlobal səviyyəsində birliyə qədəm qoyur. O, bizi vahid tariximizi etiraf etməyə, özümüzü bir ailənin üzvləri kimi görməyə, yadlıq və təəssübə son qoymağa çağırır.

Biz sürətli dəyişikliklər zamanında yaşayırıq. Bu gün insanlar dünyada baş verən transformasiyaları ümid və narahatlıq kimi qarışıq hisslərlə müşahidə edirlər. İctimai, iqtisadi və siyasi aləmdə bizim kimliyimiz və bizi bir-birimizə bağlayan münasibətlərin təbiəti barədə təməl suallar onilliklər ərzində görünməmiş bir dərəcədə baş qaldırmaqdadır. Həzrət Bəhaullahın təlimləri baş verməkdə olan transformasiyaları başa düşməkdə kömək edir. Onun təliminin mərkəzində iki əsas ideya dayanır. Birincisi, insanlığın bir olması təkzibolunmaz bir həqiqətdir. İkincisi isə insanlığın böyük dinləri vahid bir Mənbədən gəlmişdir və bir açılan dinin mərhələləridir. O izah edir ki, dünyanın bütün böyük dinlərinin Baniləri eyni bir həqiqəti bəyan edirlər. O, dini “dünyada nizamın qurulması və xalqlar arasında sakitlik üçün əsas alət” kimi təsvir edir və ona “parlaq nur və dünya xalqlarının hifzi və rifahı üçün alınmaz qala” deyə istinad edirdi. Digər bir Lövhündə isə O, bəyan edir ki, “dinin məqsədi insan nəslinin maraqlarını qorumaq və onun birliyini yaymaq, insanlar arasında sevgi və ülfət ruhunu bəsləməkdir.” “Allahın dini və Onun ilahi qanunu,” O daha sonra izah edir, “insanlar arasında birlik nurunun ən qüdrətli aləti və ən etibarlı vasitəsidir. Dünyanın tərəqqisi, millətlərin inkişafı, xalqların sakitliyi və yer üzündə yaşayanların əmin-amanlığı Allahın prinsip və əmrləri arasındadır”.