Birlik yaratmaq və qərar qəbul etmək üçün, Bəhailər “məşvərət” prinsipindən və metodundan istifadə edirlər. Bu bir rəqabətsiz prosesdir ki, həqiqətin kollektiv şəkildə axtarışı kimi başa düşülür. Məşvərət mühiti və ruhu mehribanlıq və təşviq, bütün səslərə hörmət ruhudur və burada fikirlər həm açıq, həm də nəzakətlə ifadə edilir. Belə məşvərət ideya sahibliyi hissini rədd edir, təmənnasızlıq və fədakarlıqla hərəkətə gəlir. İdeya ya fikir səsləndirildikdən sonra o daha şəxsə deyil, qrupa məxsus olur.
Seçilmiş bəhai təsisatları, cütlüklər, ailələr və digər qruplar qərara gəlmək yaxud bir məsələ barədə daha dərin anlayışa yetişmək üçün məşvərət edirlər. Birliyi möhkəmləndirərək konsensus yaratmağa çalışan istənilən bir qrup məşvərət vasitəsilə yeni anlayış və bəsirətlər əldə edə bilər. Məşvərət sadə bir fikrə və ya rəyə fakt status vermir, yaxud həqiqəti müxalif maraq qrupları arasında güzəşt kimi qəbul etmir.
Seçilmiş bir bəhai qurumunda əgər yekdil qərara gəlmək mümkün olmursa, səsvermə keçirilə bilər. Sonra bütün üzvlər ilkin fikirlərindən asılı olmayaraq verilmiş qərarı bütün ürəkləri ilə dəstəkləyirlər. Daxildə “müxaliflik” hissi olmadıqda qərarın hikməti asanlıqla üzə çıxır və məsələyə, zəruri olarsa, yenidən baxıla bilər. Məşvərət idealları insanın dinləmək, düşünmək və ifadə etmək qabiliyyətlərinə kömək edən şəxsi keyfiyyətlərin davamlı surətdə inkişaf etdirilməsini tələb edir. Həzrət Bəhaullah yazırdı, “İlahi hikmət səması iki günəşlə − məşvərət və şəfqətlə işıqlanır. Bütün məsələlərdə məşvərət edin, zira məşvərət yol göstərən bir hidayət çırağıdır və anlayış bəxş edir.”
“Qoy hər səhər axşamdan daha yaxşı, hər ertəsi gün dünəndən daha zəngin olsun.” Həzrət Bəhaullah