Bəhai dini dünyanın ən gənc müstəqil dinidir. Onun Banisi Həzrət Bəhaullah (1817-1892) bəhailər tərəfindən Hz. İbrahim, Hz. Musa, Hz. Budda, Hz. Krişna, Hz. Zərdüşt, Hz. İsa və Hz. Məhəmməd kimi ilahi Məzhərlərin sırasında ən sonuncusu hesab edilir və bəhailər Ondan sonra da Zühurların baş verəcəyinə inanırlar. Həzrət Bəhaullahın Mesajının ana xətti budur ki, bəşəriyət vahid bir irqdir və onun qlobal bir cəmiyyətdə birləşməsinin vaxtı çatmışdır. Həzrət Bəhaullah buyurur ki, Allah irqi, sinfi, dini və milli baryerləri sındırıb tökən tarixi prosesləri işə salmışdır və bu proses, zamanı yetişəndə ümumdünya sivilizasiyasını doğuracadır. Bu gün yer üzü insanlarının qarşısında meydan oxuyan məsələ onların bir faktı qəbul etmələridir ki, bütün insanlar birdirlər və onlar birləşmə proseslərinə kömək etməlidirlər. Bəhai dininin məqsədlərindən biri bunun baş verməsinə kömək etməkdir. Təxminən beş milyon inanandan ibarət dünya Bəhai İcmasında Yer üzündəki millətlərin, irqlərin və mədəniyyətlərin çox hissəsi təmsil olunur və bu icma Həzrət Bəhaullahın təlimlərinin praktiki gerçəkləşməsi istiqamətində işləyir. Onların təcrübəsi bütün bəşəri vahid bir ailə, yer kürəsini isə tək vətən qəbul edən bütün insanlar üçün bir ruhlanma və təşviq mənbəyidir.
Bəhai Dini, iki İlahi Elçinin - Həzrət Bab və Həzrət Bəhaullahın Allah tərəfindən göndərilməsi ilə nazil olmuşdur. Bu Qoşa Zühurun nazil etdikləri Dinin diqqəti cəlb edən birlik və bütövlüyünün davamlılığını təmin edən rəhbərlik Həzrət Bəhaullahın yazılarından qaynaqlanır. “Əhd” adlandırılan rəhbərlik səlahiyyəti, Həzrət Bəhaullahdan sonra oğlu Həzrət Əbdül-Bəhaya, Həzrət Əbdül-Bəhadan sonra Onun nəvəsi Həzrət Şövqi Əfəndiyə, Həzrət Şövqi Əfəndidən sonra isə Ümumdünya Ədalət Evi adlı quruma keçmişdir. Bəhailər Həzrət Bab və Həzrət Bəhaullah tərəfindən təyin olunmuş bu rəhbər qurumun - Ümumdünya Ədalət Evinin İlahi səlahiyyətini qəbul edirlər.
Həzrət Bab (1819-1850) 19-cu əsrin ortalarında – dünya tarixinin ən keşməkeşli dövründə İranın Şiraz şəhərində cavan bir tacir elan etdi ki, bəşərin ruhani və sosial həyatını dəyişəcək bir Müjdənin daşıyıcısıdır. O zaman İran özünün ən dərin mənəvi-əxlaqi tənəzzül dövrünü yaşayırdı. Onun Müjdəsi minlərlə insanı özünə cəlb etdi, cəmiyyətin bütün təbəqələrində böyük sevinc və ümid doğurdu. O, ərəb dilində mənası “Qapı” olan Bab ləqəbini götürdü.
Həzrət Bəhaullah (1817-1892) Adının mənası "Allahın Nuru" olan Həzrət Bəhaullah XIX əsrdə bəşəriyyətə Allahın yeni İlahi Kitabını çatdırdı. Onun həyatı və Missiyası bu gün bütün Yer kürəsində getdikcə daha çox tanınmaqdadır. Milyonlarla insan daha gözəl bir dünya qurmaqdan ötrü Onun təlimlərini həyatlarına və yaşadıqları cəmiyyətə tətbiq etməyə çalışırlar.
Həzrət Əbdül Bəha (1844-1921) Həzrət Bəhaullah şəxsən qələmə aldığı Vəsiyyətnaməsində böyük oğlu Həzrət Əbdül-Bəhanı Əmrin başçısı və təlimlərinin tək səlahiyyətli Şərhçisi təyin etdi. Qeyri-adi şəxsiyyəti və bəşəriyyətə təmənnasız xidmət əzmi, Onu Həzrət Bəhaullahın təlimlərinin canlı bir nümunəsi etdi və dünyanın hər yerinə sürətlə yayılan Bəhai icmasına böyük hörmət qazandırdı..
Şövqi Əfəndi (1897-1957) Həzrət Əbdül-Bəha Vəsiyyətnaməsində Özündən sonra dünya Bəhailərinin rəhbəri və Bəhai təlimlərinin şərhçisi kimi nəvəsi Şövqi Əfəndini "Bəhai Dininin Vəlisi" adı ilə təyin etdi. O, qeyri-adi biliyi, müdrikliyi və fədakarlığı ilə Bəhai icmasının inkişafını sistemli şəkildə irəli apardı, anlayışını dərinləşdirdi və birliyini gücləndirdi..
Ümumdünya Ədalət Evi (1963-cü ildə yaradılımışdır) Bəhai dininin dünya miqyasında inkişafı bu gün Ümumdünya Ədalət Evi tərəfindən istiqamətləndirilir. Qanunlar kitabında Həzrət Bəhaullah, Ümumdünya Ədalət Evinə bəşəriyyətin rifahına müsbət təsir etməyi, sülhü və qlobal inkişafı təmin etməyi əmr etmişdi.