Bütün dövrlərdə insanların ruhani, intellektual və əxlaqi inkişafları böyük Allahın Elçiləri
tərəfindən bəslənmişdir. Bu İlahi Zühurlar Həzrət İbrahim, Həzrət Krişna, Həzrət Zərdüşt, Həzrət
Musa, Həzrət Budda, Həzrət İsa, Həzrət Məhəmməd, Həzrət Bab və Həzrət Bəhaullahdır. Onlar,
bəşəriyyətin maddi və ruhani təkamülündə müqayisə edilməz təsir yaratmış olan Allah Elçiləridir.
Hər birinin Özünə xas şəxsiyyəti və müəyyən bir vəzifəsi olsa da, bütün Allah Elçiləri bir İlahi
Mənbədən Vəhy almış və tək bir məqsədə xidmət etmişlər ki, o da "ruhların
tərbiyə edilməsi və
dünyadakı bütün insanların əxlaqının düzəldilməsidir."
Allah Elçiləri dünyaya işıq saçmış, yazın gəlişi kimi Onların gəlişləri də yaradılışa təzə bir ruh
üfürmüşdür. İnsanlıq "ən qaranlıq qışına" girdiyi zaman bu yeni "Günəşlər"
üfüqdə görünür və "ruh
aləminə, ürək və fikir aləminə nüfuz edirlər ..." ardından "ruhani bahar və yeni bir canlılıq
görünür, yeni bir baharın qüvvəti cilvə göstərir və heyrətverici bir inayət havası əsir ."
Allah Elçilərinin gəlişi ilə yeni güclər yaranır. Bu güclər zamanla insan əlaqələrinə nüfuz edir,
Vəhy prosesi vasitəsilə həm şüurun, həm də cəmiyyətin ictimai və ruhani tərəqqisi üçün lazım olan
əsas hərəkətverici qüvvəni təmin edirlər. Əgər Allahı, günəş sistemimizi işıq və istiliklə təmin
edən əlçatmaz günəşə bənzətsək, Allah Məzhərləri insanların günəşi qəbul edə biləcəkləri bir şəkildə
günəş işığını mükəmməl əks etdirən aynalara bənzədilə bilər.
"Əzəli Mahiyyətə doğru yol hamının üzünə bağlı olmuş və bağlı da qalacaqdır.
Heç kimin dərrakəsi heç vaxt Onun müqəddəs dərgahına yol tapmayacaqdır. Lakin Öz fəzli və
inayətilə O, əhədiyyət üfüqündən parlayan Günəşləri insanlar arasında zühur etdirmiş və bu
müqəddəs Şəxslərin tanınmasını Özünün tanınmasına bərabər tutmuşdur. Onları tanıyan Allahı
tanımışdır, Onların sözlərini eşidən Allahın sözlərini eşitmişdir, Onların həqiqətini təsdiq
edən Allahın həqiqətini təsdiq etmişdir. Və Onlardan üz döndərən Allahdan üz döndərmişdir,
Onlara qarşı küfr edən Allaha qarşı küfr etmişdir. Onlar göylərlə yer arasında Allahın
təzahürləri, bəndələr arasında Onun dəlilləri və məxluqat içərisində Onun sübutlarıdırlar".
Bütün bu ilahi "aynaların" məqsədi eyni olduğuna görə onlar arasında hər hansı bir ayrı-seçkilik
yolverilməzdir. Həzrət Bəhaullah bu mövzuda belə yazmışdır: "Əgər onlara
diqqətlə baxsan, görərsən
ki, onların hamısı eyni çadırda yaşayır, eyni taxtda oturur, eyni nitqi söyləyir və bir dini
elan
edirlər."
Madam ki, bütün böyük dinlər Bir Mənbədəndirsə və eyni həqiqəti bəyan edirlərsə, Allahın Elçilərinin
təlimləri arasındakı fərqlilikləri necə anlaya bilərik? Hər dəfə Peyğəmbər gələndə, Ondan əvvəlkilər
tərəfindən başlanmış təlimin qurulması prosesi davam etdirilir, yeni Müjdə gətirilir və gələcək
Zühurun gəlişi üçün əsas qoyulur. Peyğəmbərlər Öz mahiyyətlərinə görə bir-birindən fərqlənmirlər.
Lakin Allahın Onlara tapşırdığı vəzifələrdən, İlahi yükün ağırlığından və məsuliyyətindən asılı
olaraq onlar fərdi məqamlara malikdirlər. Həzrət Bəhaullah yazır: “Əlbəttə Allahın bütün
Peyğəmbərləri Onun sevimliləridirlər, Onun Müqəddəsləri və Onun seçilmiş Müjdəçiləridir, hamısı bir
nəfər kimi Onun adını daşıyır və Onun mükəmməlliyini təcəssüm etdirirlər. Onları bir-birindən
ancaq Onların Vəhylərinin gücü və Onların halələrinin saçdığı nurun parlaqlığı fərqləndirir”.
Hər bir Allahın Elçisi bəşəriyyətin həkimi kimi də qəbul edilə bilər. O, insanlığın diaqnozunu qoyur
və dünyanın xəstəliklərinə uyğun müalicəni təyin edir. Bu, Onun zamanın ehtiyaclarına ən yaxşı cavab
verən müalicədir. Həzrət Bəhaullah Öz zühuruna istinadən belə yazmışdır: "Hər şeyi bilən Həkimin
barmaqları xəstə insanlığın nəbzindədir. Xəstəliyi diaqnoz edir və yanılmaz hikməti ilə dərman
yazır."