Bəhai icmaları Azərbaycanda yaranan gündən hər cür dini fanatizmi, mövhumat və cəhaləti pisləmiş, maarifçiliyi, uşaqlara, xüsusən də qızlara dünyəvi təhsilin verilməsini, qadınların cəmiyyətdə və ailədə hüquqlarının qorunmasını təbliğ etmiş, dinlər və xalqlar arası dialoq və əməkdaşlığa can atmışlar. Amma bu cür fəaliyyətlər fanatik ruhanilərin xoşuna gəlməmiş, nəticədə Bakı, Mərdəkan, Balaxanı, Bərdə və Şamaxıda bəhailərə qarşı ciddi təzyiqlər olmuşdur.
Bəhai Dini təliminin fərdlərə, cəmiyyətə və bütövlükdə bəşəriyyətə təklif etdiyi sosial tərəqqi və maarifçilik yolu Azərbaycanın bir çox görkəmli şəxslərinin diqqətini özünə cəlb etmiş, onların hörmət və rəğbətini qazanmışdır. Azərbaycanın maarifpərvər şairi Seyid Əzim Şirvani (1835-1888) bəzi yazılarında Bəhai Dini təliminə öz rəğbətini bildirmişdir. Digər görkəmli maarifçi şair Mirzə Ələkbər Sabir (1862-1911) Balaxanı icması ilə sıx əlaqədə olmuş, bir müddət icmanın dəstəyini almışdır. Şair icmanın üzvü Kərbəlai İmranla daha yaxın dost olmuş və bir müddət onun evində yaşamışdır.
Tanınmış milyonçu Musa Nağıyev (1849-1919) və xalq şairi Əliağa Vahidin müəllimi, Qafqaz türkləri arasında «ustad şair» kimi tanınan Əbdülxaliq Yusifzadə də Bakı Bəhai Dini icmasının üzvləri olmuşlar. Musa Nağıyev uzun illər Bakı Ruhani Məhfilinin üzvü kimi də fəaliyyət göstərmişdir. Milyonçunun şəxsi nüfuzu bəhailərə qarşı açıq təzyiqlərin qarşısının alınmasında xüsusi rol oynamışdır.
Bir sıra tarixi və fəlsəfi mahiyyətli əsərlərin müəllifi Hüseyn Cavid (1884-1941) məlumatlara görə Almaniyada (digər mənbələrə görə isə Türkiyədə) olan zaman Bəhai Dinini qəbul etmiş və sonralar bu təlimin ideyalarını öz əsərlərində əks etdirmişdir.
Azərbaycanda 1920-ci ildə bolşeviklərin hakimiyyətə gəlməsi bəhai icmaları üçün ağır günlərin başlanması oldu. 1922-ci ildən etibarən mətbuatda Bəhai dini təlimini antibolşevik ideologiyada ittiham edən məqalələrin çıxması ciddi təqiblər üçün bir növ işarə oldu. 1926-cı ildə İran mənşəli bəhailərin kütləvi şəkildə Azərbaycandan İrana deportasiyası ilə bəhailərə qarşı birinci təqib kampaniyası başlayır. İcmalarda yığıncaqlar keçirmək və ianələr toplamaq qadağan edilir. Dini ədəbiyyat və məhfil iclaslarının protokolları müsadirə edilir. Bir müddət sonra kəskin qadağalar götürülsə də, məclislərin keçirilməsi üçün xüsusi dövlət razılığının olması tələbi qoyulur.
Təbii ki, Allahın nurunu və göndərilən Peyğəmbərini heç bir qüvvə məhv edə bilməz və Bəhai icması da Sovet vaxtında öz qüvvəsində möhkəm qaldı və hətta xeyli inkişaf elədi. 1992-ci ildən Azərbaycanda bəhai ailələr bir yerdə ilk Milli Ruhani Məhfili seçdi. Sovet rejiminin dağılmasından sonra müstəqil Azərbaycan Respublikası Allahın bütün dinlərinə hörmət və tolerantlıqla davrandı. Müstəqillik əldə edildikdən sonra Azərbaycan Bəhai İcması cəmiyyətin fəal üzvləri olmasına çalışmış, millətimizin rifahına töhfə vermək, təəssübkeşlikləri aradan qaldırmaq, aralarındakı fərqlərə baxmadan bütün insanlara sevgi göstərməklə uşaq və gəncləri tərbiyə etmək, irq və dinlərin birliyini əməldə göstərmək, cəmiyyətə ümid işığı olmaq, qadın və kişilərin bərabərliyini təşviq etmək, elm və dinin harmoniyasını irəlilətmək işində dayanmadan xidmət göstərmişdir. Bəhai dininin məramlarından biri də vətəndaşın siyasətə müdaxilə etmədən öz ölkəsinin maddi və ruhani tərəqqisinə töhfə verməsidir.