Bəhai təlimlərində insanın öz daxili xasiyyətini cilalaması və insanlığa xidmət etməsi bir-birindən ayrılmazdır. Bu ikili mənəvi məqsəd həyatın bütün sahələrində bəhailərin səylərinə forma verməkdə kömək edir. Bir qrup insanı digər qrupdan üstün hesab edən yanlış konsepsiya və təəssübkeşliklər insanlığın indiki bədbəxtliklərinin əsas səbəbləridir. İrqçilik öz qurbanlarının potensialının açılmasını ləngidir, onu törədənləri korlayır, insanın tərəqqisini pozur. Əgər bu problem həllini tapmalıdırsa, onda bəşəriyyətin birliyi dünyanın hər yerində qəbul olunmalı, qanunla, sosial siyasət və strukturlar vasitəsilə qorunmalıdır.
Ruhani səyahətin mərkəzində Allaha doğru tərəqqi etməkdə bizim hər birimizə kömək edən keyfiyyətlərin inkişaf etdirilməsi dayanır. Bu dünyada belə keyfiyyətlərin bəslənib yetişdirilməsi davranışımızın davamlı olaraq cilalanmasını tələb edir ki, davranışımız insan varlığına əta edilmiş nəcibliyi və bütövlüyü getdikcə daha çox əks etdirsin. Biz Allah haqqında biliyin ağlımızda və ürəyimizdə artmasına imkan verdikcə, bizim yüksək təbiətimizin keyfiyyətləri çiçəklənməyə başlayır. Gedikcə artan bir aydınlıqla, biz görürük ki, nələr bizi nəcibliyə və ucalığa, nələr zəlalət və rəzalətə aparır.
Allahın hər bir Məzhəri, İlahi Tərbiyəçilər olaraq, insanlığın konkret təkamül mərhələsində həyatın ruhani və sosial cəhətlərini idarə edən yeni qanunlar toplusu gətirirlər. Həzrət Bəhaullah dua-namaz, oruc, nikah kimi sahələrdə insan davranışını idarə edən habelə alkoqoldan və narkotik maddələrdən qaçmaq üçün qanunlar nazil etmişdir. O, qeybəti qınayır, sənət və peşə ilə məşğul olmağın vacibliyini, uşaqların təhsilinin və təlim-tərbiyəsinin zərurətini vurğulayır. O, doğruluq, etibarlılıq, qonaqpərvərlik, nəzakət, dözümlülük və səbr, ədalət və insaf kimi məziyyətləri xüsusilə qeyd edir.
Bəhailər başa düşürlər ki, ilahi qanun sadəcə `olar və olmazlar` siyahısı ola bilməz. Onlar daha çox sevinc gətirmək, xasiyyəti cilalamaq və cəmiyyəti yenidən canlandırmaq üçün Həzrət Bəhaullahın təlimlərinin dəyişdirici gücü üzərində diqqətlərini cəmləməyə çalışırlar.