Təhsil hər bir insanda kamilliyə yetişmək arzusunu inkişaf etdirməlidir. İnsan kamillikdən ilham
almalı və coşqunluqla ona çatmağa çalışmalıdır. Həzrət Bəhaullah yazır:
“İnsanın elmsiz və ya sənətsiz qalması
arzuolunmazdır, çünki o halda o barsız ağacdan başqa bir şey deyildir”
Bilik Allahın insana verdiyi ən böyük nemətdir və özünü biliklər əldə etmək imkanından məhrum
edənlər məhdud həyatda yaşamağa məhkumdurlar. Həzrət Əbdül-Bəha yazır:
“Həqiqətən, elm insan üçün əsl xəzinə, şöhrət, nemət, sevinc, yüksəliş, fərəh və şadlıq
mənbəyidir.”
Təlim-tərbiyəyə uşaqlıqdan başlamaq lazımdır. Hər bir ata və ananın borcudur ki, bütün vasitələrlə öz övladlarına təlim-tərbiyə verməyə can atsınlar və onların xasiyyətlərini ruhani və əxlaqi qanunlara uyğun şəkildə təkmilləşdirsinlər və onlara elmləri və incəsənəti öyrətsinlər. Hər bir uşaq təlim-tərbiyə almalıdır; bu məsələyə laqeyd qalmaq olmaz. Əgər valideynlərin bu müvafiq xərcləri ödəməyə imkanları varsa, onlar uşaqlarını oxutmalıdırlar. Əgər onların maddi imkanları yoxdursa, bu zaman cəmiyyət uşağın təhsili üçün vəsait ayırmalıdır. Həzrət Əbdül-Bəha yazır:
“Təhsil bütün uşaqlar üçün icbari olmalıdır. Ümumi təhsilə əlavə olaraq hər bir uşaq ixtisas, sənət, vərdişlər almalıdır ki, cəmiyyətin bütün üzvləri özlərini yaşayışla təmin edə bilsinlər. Xidmət ruhunda görülmüş iş ibadətin ən yüksək formasıdır”
İnsanlar öz qabiliyyətlərinə və istedadlarına görə fərqlənirlər. Bununla belə, uşaqlara verilən
təhsildə məqsəd onlarda təbii imkanları inkişaf etdirmək və onları yaradıcı əməkdaşlığa
həvəsləndirmək olmalıdır. Onlar ruhani keyfiyyətlərə yiyələnməli və geniş elmi dünyagörüşləri ilə
fərqlənməli, sədaqəti, bəşərə xidmət ruhu, məhəbbət və ədalət kimi məziyyətləri ilə məşhur
olmalıdırlar. Onlar sülhün və birliyin irəlilədilməsində qoyduqları səyləri ilə seçilməlidirlər.
Həzrət Əbdül-Bəha yazır:
“Həzrət Bəhaullah bildirir ki, savadsızlıq və biliyin olmaması bəşəriyyəti parçalayan
maneələrdən olduğu üçün hamı ümumi və peşə təhsili almalıdır. Bu vasitənin köməkliyi ilə
qarşılıqlı anlaşılmazlıq aradan qaldırılacaq, bəşəriyyətin birləşməsinə yeni təkan veriləcəkdir.
Ümumi təhsil – universal qanundur.