Dinlərin birliyi prinsipi - daim yenilənən bir din

Dünya dinləri Allahın ardıcıl Məzhərləri tərəfindən gətirilmişdir. Hər bir dinin mənşəyi Allahın yanındadır və nazil olduğu dövrə və yerə müvafiqdir. Mahiyyətcə Allahın dini birdir və proqressiv olaraq yenilənir. Dinlər insan işlərinin bütün sahələrində fövqəladə nailiyyətlərə ilhamlandırmaq və öz ardıcıllarında qəhrəmanlıq, fədakarlıq və pəhrizkarlıq kimi qeyri-adi keyfiyyətləri üzə çıxarmaq qüdrətinə malikdir. Dinlər insanların daha böyük və daha kompleks cəmiyyətlərdə birgə yaşamalarına imkan verən universal kodeks və təsisat sistemləri yaradırlar. Lakin tarix boyunca dinlər arasındakı ədavət saysız-hesabsız müharibə və münaqişələrə gətirmiş, tərəqqinin əsas əngəli olmuşdur. Din adına edilmiş parçalanmalar və münaqişələr dinin əsl təbiətinə ziddir. “Əgər din ədavət, nifrət və parçalanma səbəbinə çevrilərsə, onsuz keçinmək daha yaxşıdır və belə bir dindən çıxmaq, həqiqətən, dini bir hərəkət olardı,” Həzrət Əbdül-Bəha buyurmuşdur. “Sevgi və birlik səbəbi olmayan hər hansı bir din, din deyildir.”


Əgər böyük dinlər bir Allahdandırsa və mahiyyətcə bir olmaları qəbul edilirsə, onda biz onların fərqlərini, xüsusilə, sosial qaydalarla bağlı fərqləri necə başa düşməliyik? Həzrət Bəhaullah izah etdi ki, dünya dinlərinin Banilərinə mahir Təbiblər kimi baxmaq olar. Hər birinin əsas missiyası var və hər biri zühur etdikləri zamana və yerə uyğun olaraq insanlığın bədəninin təbiəti barədə tam anlayışa malik olmaqla dünyanın xəstəlikləri üçün dərman yazmağa qadirdir.
Allahın bu dövr üçün Məzhəri olan Həzrət Bəhaullahın missiyası dünya insanlarını ruhən yenidən oyatmaq və onları birləşdirməkdir. Həzrət Bəhaullahın təlimləri sülh barədə “bütün bəşərin ali məqsədi” kimi danışır və insanlığı bu daimi ümumdünya sülhünə aparacaq ruhani prinsipləri izah edir. Bu böyük sülh Allahın bütün əvvəlki Məzhərləri tərəfindən vəd edilmişdir.
“Bu, Allahın dəyişməz dinidir, keçmişdə əzəli, gələcəkdə əbədi.”
-Həzrət Bəhaullah

Əgər biz Allahı yaxınlaşmaq mümkün olmayan parlaq günəşə bənzətsək, onda Allahın Məzhərləri Onun nurunu insanlara mükəmməlliklə əks etdirən güzgülərə bənzərlər.
Bizim Allah haqqında biliyimiz, insanlığın ruhani, intellektual və əxlaqi qabiliyyətləri Allahın bu Məzhərləri tərəfindən yetişdirilmişdir. Bu İlahi Tərbiyəçilər müxtəlif zamanlarda, dünyanın müxtəlif yerlərində o dövr və o yerin insanlarının inkişafı üçün mühüm olan təlimlərlə zahir olurlar.
Hər bir Məzhərin ayrı fərdiyyəti və konkret bir missiyası olarkən, Onların hamısı Allah tərəfindən müəyyən olunmuş bir məqsəd daşıyırlar – insanları tərbiyələndirmək, xasiyyətlərini cilalamaq və bütün yaranmış şeyləri gözəllik və məziyyətlərlə doldurmaq.
Baxmayaraq ki, onların çoxunun adları və təlimləri tarixdə qalmamışdır, amma onlardan bəzilərinin həyatı və təlimləri barədə nələrsə bilirik. Onların arasında Həzrət Krişna, Həzrət İbrahim, Həzrət Musa, Həzrət Zərdüşt, Həzrət Budda, Həzrət İsa Məsih, Həzrət Məhəmməd, ən son zamanlarda isə Həzrət Bab və Həzrət Bəhaullah vardır.
Hər bir Məzhərin gəlişi ilə ruhani güclər azad olur ki, bu güclər zaman keçdikcə insanların həyat şəraitinə və münasibətlərinə nüfuz edir, şüurun və cəmiyyətin növbəti inkişafı üçün əsas təkan olur.
İnsanlığın sosial və ruhani təkamülü üçün zəruri olan rəhbərliyin Allahın Məzhərləri tərəfindən davamlı olaraq verilməsi prosesi “proqressiv vəhy” kimi məlumdur. Həzrət Bəhaullah aydın şəkildə bəyan etdi ki, ən azı min il keçdikdən sonra Allahın digər bir Məzhəri zühur edəcək.
“Allahın Vəhyi günəşə bənzər. Onun doğuşu nə qədər saysız hesabsız olsa da, bir günəş vardır və hər şeyin həyatı ondan asılıdır.”
-Həzrət Bab