Bizim yeganə insan ailəsinə mənsub olmağımız inancı Bəhai dininin mərkəzində dayanır. Həzrət
Bəhaullahın bütün təlimləri bəşəriyyətin birliyi prinsipi ətrafında fırlanır. Bu prinsipin etirafı
və qəbul edilməsi irqi, sinfi, cinsi, dini, milli, yaş, maddi sərvət kimi hər cür təəssübü,
insanların özlərini başqalarından üstün yaxud aşağı tutmaları üçün istifadə etdikləri hər şeyi tərk
etməyi zəruri edir. Doğrudan da, Həzrət Bəhaullahın yeni bir sivilizasiya barədə baxışı insanları
vahid bir vətənin vətəndaşları kimi görməyə ruhlandırır - bu vətən isə planetin özüdür. Təəssüb belə
bir faktı görməyə mane olur ki, hər bir insan mahiyyətcə misilsiz istedad və qabiliyyətləri olan
ruhani bir varlıq, “qiymətsiz cəvahirlərlə dolu zəngin bir mədəndir”.
Bir qrup insanı digər qrupdan üstün hesab edən yanlış konsepsiya və təəssübkeşliklər insanlığın
indiki bədbəxtliklərinin əsas səbəbləridir. İrqçilik öz qurbanlarının potensialının açılmasını
ləngidir, onu törədənləri korlayır, insanın tərəqqisini pozur. Əgər bu problem həllini tapmalıdırsa,
onda bəşəriyyətin birliyi dünyanın hər yerində qəbul olunmalı, qanunla, sosial siyasət və
strukturlar vasitəsilə qorunmalıdır.
“Hansı irq və ya dindən olmalarından asılı olmayaraq dünyanın bütün
xalqları bir səmavi Mənbədən ilham alırlar və bir Allahın bəndələridir.”
Həzrət Bəhaullah
Heç bir etnik yaxud mədəni qrup digərindən üstün deyil. Allahın məhəbbətini hamı eyni dərəcədə alır.
Bioloji və sosial elmlərin yalnız bir insan “irqi”ni tanıması təəssübkeşliyə yol açan hər bir əsası
aradan götürür. Hansı kökdən olmasından asılı olmayaraq, hər bir fərd dünyanın yaxşılaşmasına töhfə
verə bilər.
Dünyanın bütün insanlarına məhəbbət insanın öz vətəninə olan məhəbbəti istisna etmir. Lakin qarşısı
alınmaz millətçilik və onunla bağlı olan önyarğılar daha geniş sədaqətliliyə, bütövlükdə insanlığa
məhəbbətə yol verməlidir.
“Fəxr etməsin o kəs ki, öz ölkəsini sevir,” Həzrət Bəhaullah
buyurmuşdur, “qoy bununla fəxr etsin
ki, insan nəslini sevir.”
Həzrət Bəhaullah bəşəriyyəti insan bədəninə bənzətmişdir. İnsan bədəninin sağlamlığı və normal
funksiyası əməkdaşlıqdan asılıdır. Müxtəlif forma və funksiyası olan milyonlarla hüceyrə sağlamlığı
saxlamaq üçün öz rollarını oynayır. Bədənin müxtəlif orqanları resurs uğrunda rəqabət aparmır;
əksinə, hər bir hüceyrə davamlı olaraq qarşılıqlı mübadilə prosesi içərisində fəaliyyət göstərir.
Yaşadığımız qarşılıqlı əlaqələr dünyasında fərdlərlə də belədir. Səmimi, universal yoldaşlıq insan
birliyini başa düşmək üçün bir şərtdir. Bəhai Yazılarına görə, “sevgi və mehribanlıq ruhu o qədər
güclü olmalıdır ki, aralarındakı fərq nə olursa olsun, yad özünü dost hiss etsin, düşmən isə əsl
qardaş.” Lakin insanlığın birliyi prinsipini, doğrudan da, əmələ çevirmək üçün təəssübləri aşmaq,
qardaşlıq və xoşməram ruhunu oyatmaqdan başqa daha çox şey tələb olunur.
Bizim vahid mirasımız və qarşılıqlı asılılığımız barədə yüksələn agahlıq bizim müxtəlifliyimiz
içində birliyimiz üçün çalışmağımıza imkan verir. Bəhai yazıları təsdiq edir ki, biz “bir bağın
gülləri, bir ağacın yarpaqlarıyıq” və hamımızın vahid bir məqsədi vardır – daim inkişafda olan maddi
və ruhani sivilizasiyanı irəli aparmaq. Həzrət Bəhaullah insanlığın birliyini bəyan etdi və
insanları “biz”ə və “onlar”a böləcək səbəbləri aradan qaldırmağa çağırdı.
“İnsanlıq bir bağın müxtəlif rəngli çiçəklərinə bənzədilə bilər. Burada müxtəlifliyin birliyi
vardır. Hər bir gül həm ayrıca gözəldir, həm də digərinin gözəlliyini artırır.” Həzrət Əbdül-Bəha
Bəhai yazıları bəyan edir ki, bu prinsip “bu günkü cəmiyyətin strukturunda üzvi dəyişikliyi nəzərdə
tutur ─ dünyanın hələ təcrübə etmədiyi bir dəyişiklik. O, planetin nə az, nə çox, məhz
rekonstruksiyasını və hərbsizləşdirilməsini”, “həyatın bütün mühüm cəhətləri ilə üzvi şəkildə
birləşmiş,” lakin müxtəlifliyində qeyri-məhdud olan bir dünyaya çevrilməsini tələb edir. Yazılar
təsdiq edir ki, insanlığın təkamülündə bu mərhələyə yetişmək “təkcə zəruri deyil, həm də
qaçılmazdır.”