1985-ci ildə dünya xalqlarına ünvanlanmış və Dünyada Sülh Vədi adlı bir bəyanatda Ümumdünya Ədalət Evi dünyanın hər yerindəki bəhailərin, bütün xoşməramlı insanlarla ədalətli, birləşmiş və dayanıqlı bir dünyanın təməlini qoymaq kimi təxirəsalınmaz bir vəzifənin həyata keçirilməsində bütün insanlarla əl-ələ vermək üçün səmimi və hərarətli arzularını ifadə etdi:
İndi bütün dünyanın qarşısında duran vəzifənin son dərəcə yüksək əhəmiyyəti üzərində düşünərkən, biz Özünün sonsuz məhəbbəti ilə bütün bəşəri eyni bir tayfa olaraq xəlq edən, insanın qiymətli mahiyyətini ucaldan, onu ağıl, hikmət, nəciblik və ölümsüzlüklə şərəfləndirən və insanlara `Onu tanımaq və sevmək` kimi misilsiz bir fərq və qabiliyyət əta edən, − elə bir qabiliyyət ki, Ona `bütün xilqətin yaradıcı impulsu və ilkin məqsədi` kimi baxılmalıdır − ilahi Yaradanın əzəməti qarşısında mütiliklə təzim edirik.
Bizim çox möhkəm bağlı olduğumuz inam budur ki, bütün insan varlıqları “hər zaman inkişafda olan sivilizasiyanı irəli aparmaq üçün yaradılmışlar,” “vəhşi heyvanlar kimi davranmaq insana yaraşmaz,” insana layiq olan məziyyətlər bütün insanlara münasibətdə etibar, dözümlük, mərhəmət, şəfqət və xeyirxahlıqdır. Biz bu inancı bir daha təsdiq edirik ki, “insanın bir insan olaraq malik olduğu daxili imkanlar, onun yer üzündə bütünlüklə təyinatı, onun mahiyyətinin fitri gözəlliyi Allahın bu vəd olunmuş Günündə aşkara çıxmalıdır.” Bəşəriyyətin can atdığı birliyin və sülhün əldə oluna bilən hədəflər olmasında bizim sarsılmaz inamımızın əsası budur. Bu müraciət yazılarkən, dinlərinin doğulduğu ölkədə məruz qaldıqları təqiblərə baxmayaraq, bəhailərin gözlənti dolu səsləri eşidilməkdədir. Onlar ümidlərini qətiyyən itirmirlər və bu möhkəmlikləri ilə bu inama şəhadət verirlər ki, əsrlərdən bəri bəslənən bu sülh arzusunun yaxınlaşmaqda olan gerçəkləşməsinə indi Həzrət Bəhaullahın Vəhyinin dəyişdirici təsiri altında ilahi hökm gücü əta edilmişdir. Beləliklə, biz sizə yalnız sözlə ifadə olunan baxışı çatdırmırıq: biz iman və fədakarlıqdan doğan əməllərin gücünün ortalığa qoyulmasına çağırırıq; biz dindaşlarımızın hər yerdə sülh və birlik üçün həyəcan dolu çağırışlarını çatdırırıq. Biz bütün təcavüz qurbanları ilə, münaqişə və ədavətə son qoyulmasına can atanlarla, sülhə və dünya nizamına sədaqətləri ilə uca məqsədlərə çatmağa kömək edənlərlə həmrəyik, o məqsədlər ki, Mehriban Yaradan bəşəriyyəti məhz onun üçün yaratmışdır.
Atəşli ümidlərimizi sizə çatdırmaq istəyimizin bütün ciddiyyəti və inamımızın dərinliyi ilə biz
Həzrət Bəhaullahın möhkəm vədini burada bildiririk:
“Bu mənasız çəkişmələr, bu viranedici müharibələr
sona yetəcək və “Ən Böyük Sülh” gələcək.”