İbadət

Bizi bir-birimizə bağlayan yoldaşlıq və harmoniya ruhu ibadət hərəkətləri vasitəsilə möhkəmlənir. Fiziki bəslənmə üçün qida zəruri olduğu kimi, Bəhailər gündəlik dua oxumağı da ruhani bəslənmə və inkişaf üçün zəruri hesab edirlər. İnsan dua vasitəsilə Allahı tərif edir, Ona məhəbbətini ifadə edir, yaxud bəsirət və yardım üçün Ona yalvarır.

Həzrət Bab, Həzrət Bəhaullah və Həzrət Əbdül-Bəhanın yazıları içərisində özəl olaraq yaxud dua görüşlərində oxunan çoxlu gözəl, ifadəli və ruhani cəhətdən qüvvətli dualar vardır.

Dostları və qonşuları ilə bir araya gəlib dualar oxumaq bəhailər üçün ümumi bir praktikadır. Bu cür dua görüşləri icma mərkəzlərində, bir-birinin evlərində keçirilir və əsasən, qeyri-formal, hörmətli və təvazökar bir ortamda dualar və müqəddəs yazılardan parçalar oxunmasından ibarət olur. Çox vaxt ruhlandırıcı musiqi və mahnılar da ifa edilir. Burada ayinlər yoxdur; heç bir fərd xüsusi rola malik deyil. Bu sadə yığıncaqlar bütün kökdən və inanclardan gələn insanları duada birləşdirir və icmaya sirayət edən birləşdirici ruh yaradır.

“Son dərəcə sevinc içində və yoldaşlıqla bir yerə toplanın və mərhəmətli Rəbbin nazil etdiyi ayələri oxuyun. Belə etməklə, sizin batini varlığınıza irfan qapıları açılacaq, onda siz qəlblərinizin səbatla, ürəklərinizin isə parlaq sevinclə dolduğunu hiss edəcəksiniz.”
Həzrət Bəhaullah