Bəhai dininin təməl prinsiplərindən biri elm və dinin harmoniyasıdır. Bəhai təlimləri təsdiq edir ki, geniş, yüz və min illər boyu təkamül etmiş, uzlaşmış bir bilik sistemi olmaqla bir elm olduğu kimi, o cür də, dərin səviyyədə vahid bir din vardır və o da zaman-zaman, insanlığın sosial təkamülünə münasib olaraq yenilənir. Elm və din birlikdə sivilizasiyanı irəli aparan ikili bilik sistemini təşkil edir. Həzrət Əbdül-Bəha elmi bütün məziyyətlərdən “ən nəcibi” və “hər şeyi açan” qüvvə kimi təsvir etmişdir. Daim təkamül edən bilik sistemi kimi, elm proqressiv olaraq insanlığı faktı fərziyyədən ayırmağa, fiziki və sosial gerçəklik barədə daha böyük bəsirətlər əldə etməyə qabil etmişdir.
Elmi bacarıqların – müşahidə etmə, ölçmə, ideyaların ciddi-cəhdlə sınaqdan keçirilməsi − köklü
inkişafı insan işlərində inqilab yaratmış, təbiət dünyasını idarə edən qanunlar və proseslərin
uzlaşmış şəkildə dərkini təşkil etməyə qabil etmişdir. Elmi nailiyyətlər son iki əsrdə çox
sürətlənmiş və cəmi bir neçə əsr öncə xəyal belə edilməyən kəşf və texnologiyalara gətirmişdir. Amma
dinin təqdim etdiyi mənəvi və əxlaqi imperativlərdən məhrum olan elm onun istiqamətini aşağı və
destruktiv nəticələrə doğru yönəldən materialist qüvvələr və maraqlar qarşısında aciz qalmaqla nəcib
təyinatını itirmək təhlükəsinə düşmüşdür. Həzrət Əbdül-Bəha yazır:
Din və elm iki qanaddır ki, insan zəkası onlarla yüksəkliklərə uçar, insan ruhu onlarla tərəqqi
edər.
İnsanlığın tarixi boyunca, din saysız-hesabsız insanlarda sevmək, səxavətlə vermək, başqalarına xidmət etmək, bağışlamaq, Allaha təvəkkül etmək və ümumun rifahı naminə fədakarlıq etmək qabiliyyətini bəsləmişdir. Bütöv sivilizasiyalar böyük ruhani günəşlərin – Allahın Məzhərlərinin – dünyaya gətirdikləri mənəvi və ruhani bəsirətlər üzərində qurulmuşdur. Son nəticədə, dünya dinlərinin bu Banilərinin verdikləri təkanlar insan xarakterinin mədəniləşməsində ən əsas təsirə malik olmuşdur. Bəhai təlimlərinə görə, baxmayaraq ki, din adlanan hər şey din adına layiq deyil, amma əsl din birlik mənbəyidir, əsl din elmlə harmoniyadadır.
Elmi bəsirət və rasional düşüncədən məhrum din mövhumatın və keçmişin kor-koranə təqlidinin
qurbanına çevrilir və canlandırıcı gücünü itirir. Bu baş verəndə din tənəzzül edir. Hərçənd
təbiətinə görə elmdən fərqlidir, amma həqiqi din elm kimi zamanla irəli gedir və təkamül edir. Bəhai
təlimləri nöqteyi-nəzərindən, bu təkamül dövrdən-dövrə Allahın yeni Məzhərinin gəlişi ilə dinin
yenilənməsi vasitəsilə baş verir. Həzrət Əbdül-Bəha buyurmuşdur:
Diqqətlə fikir ver ki, bu varlıq dünyasında hər şey daim yenilənməlidir. Ətrafındakı maddi aləmə
bax və gör ki, indi o necə dəyişmişdir. Düşüncələr dəyişmiş, həyat tərzi yenilənmiş, elm və
incəsənət yeni güc göstərir, kəşflər və ixtiralar yenidir, qavrayış yenidir. Elə isə, necə ola
bilər ki, din kimi belə bir həyati qüvvə − bəşəriyyətin böyük irəliləyişlərinin təminatçısı,
əbədi həyata yetişmək vasitəsinin özü, sonsuz mükəmməllik bəsləyicisi və hər iki dünyaya işıq
olan qüvvə – yenilənməsin?
Bəhailər inanırlar ki, iki bilik sistemi kimi din və elm, mənalı sosial transformasiya yaratmaq və bu gün dünyanı tutan narahatedici problemlərin çoxunu həll etmək səylərində bir-birini tamamlayır. Dünya üzrə Bəhai icmaları ruhani gerçəklik barədə biliyin necə praktiki ifadə tapa biləcəyini öyrənirlər. Elmdən qaynaqlanan bəsirətlərlə birlikdə, bu cür bilik sivilizasiyanın irəli aparılmasında səmərəli mübarizlərə çevrilməkdə fərdlərin, təsisatların və icmaların qabiliyyətlərini yüksəldir. Bəhai yazıları təsdiq edir ki, icmanın həyatının maddi və ruhani boyutları yadda saxlandıqda, elmi və ruhani biliyə lazımi diqqət verildikdə insanlıq cəhalət və passivlik tələsindən qurtulur. Doğrudan da, insanlığın gücləri tam diapazonu ilə fərdin və cəmiyyətin tərəqqisi üçün bəslənə və azad edilə bilər. Həzrət Bəhaullahın “varlıq dünyasında Bəhai Məbədlərini “mümkün qədər mükəmməl” tikmək barədə göstərişi memarlıq, tərtibat və mühəndislikdə irəliləyişlərə ilhamlandırmışdır. Çilinin Santyaqo şəhəri yaxınlığında 2016-ci ildə tikilib başa çatdırılmış, Cənubi Amerika üzrə İbadət Evi doqquz ədəd qanada bənzər örtük yaratmaq üçün daş möhkəmliyində şüşətökmə işinə yeni yanaşma tapmağı və şüşənin işıq buraxma keyfiyyətini yüksəltməyi tələb etmişdi.