Həzrət Bəhaullah bütün hallar üçün dualar nazil etmişdir. Namazlar bu dualar arasında xüsusi yer tutur. Həzrət Bəhaullah namazı bəhailər üçün vacib etmişdir.
Həzrət Əbdül-Bəha buyurur: “Sən ey ruhani dost! Sən namazın hikməti barədə soruşmuşdun. Bil ki, namaz zəruri və vacibdir. Əgər insana hər hansı böyük maneə üz verməyib, yaxud imkansız deyilsə, onda heç bir bəhanə, onun namaza əməl etməməsinə haqq qazandıra bilməz. Namazın hikməti budur: o, bəndə ilə Haqq arasında əlaqə yaradır, çünki bu vaxt insan bütün ürəyi və qəlbi ilə üzünü Qadir Allaha tutur, Onunla ünsiyyət axtarır, Onun məhəbbətini və həmdəmliyini arzulayır. Aşiq üçün öz sevgilisi ilə söhbətdən böyük ləzzət yoxdur və axtaran üçün onun axtardığı ilə yaxın olmaqdan böyük hədiyyə yoxdur. Allahın səltənətinə cəzb olunmuş hər kəsin ən böyük istəyi odur ki, tam sədaqətlə öz Məhbubuna üz tutmağa fürsət tapsın və beləliklə də Onun səxavət və xeyir-bərəkətini axtarsın və dua və iman dəryasına qərq olsun. Bundan əlavə, namaz insanda ayıqlıq və huşyarlıq yaradır, onun imtahanlardan qorunmasına və hifz olmasına kömək edir”.
Hər il mart ayının 2-dən 20-dək, on doqquz gün ərzində, günçıxandan günbatana qədər olan müddət ərzində bəhailər yemək və içməkdən özlərini saxlayaraq oruc tuturlar. On beş yaşına qədər olan uşaqlar və yaşı yetmişi keçmiş yaşlılar, xəstələr, hamilə qadınlar və uşaq əmizdirən analar, səfərdə olanlar və ağır fiziki əməklə məşğul olan şəxslər oruc tutmaqdan azaddırlar. Oruc – insanın ruhani yeniləşməsinə köməkdir. Bu müddət ərzində bəhailər il ərzində topladıqları ziyanlı vərdişlərdən azad olmaqdan ötrü ən ciddi cəhdlər göstərirlər. Oruc tutmaqda məqsəd insanı Allaha yaxınlaşdırmaqdır.