Dünyanın yaxşılaşdırılmasına töhfə vermək üçün icmanın qoyduğu səylərin bir cəhəti də cəmiyyətdəki diskurslarda iştirak etməkdir. Cəmiyyətin bütün təbəqələrində sosial mühitlərdə insanlığın rifahı və tərəqqisinin müxtəlif cəhətləri ilə bağlı hər zaman davamlı söhbətlər baş verir: əgər bir neçəsinin adını çəksək, bunlar qadın və kişilərin bərabərliyi, sülh, idarəetmə, səhiyyə, inkişaf və s. ilə bağlı diskurslardır. Bəhailər başqalarından və onlarla birlikdə öyrənməyə çalışır, açılan müzakirələrdə Bəhai təlimlərindən ilhamlanan ideyalarını təklif edirlər.
Fərdi bəhailər – istər öz yerli icmalarının işlərində iştirak etməklə, sosial fəaliyyətlə məşğul olmaqla, istərsə də təhsil, məşğuliyyət və peşə fəaliyyətləri ilə olsun – bu cür diskurslarda səmərəli şəkildə iştirak etməyə çalışırlar. Bəhai ruhlu təşkilatlar öz işlərinə uyğun olan diskurslara töhfə verirlər. Yerli, milli və beynəlxalq səviyyədə bəhai təsisatları ictimai rifahı yüksəltməyə kömək edən ideyaları inkişaf etdirmək üçün hörmət və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət göstərirlər.
Bir əsrdən də çox bir müddətdə, bəhailər qlobal idarəetmə proseslərinə töhfələr vermişlər. 1920-ci ildə Millətlər Liqasının təsis edilməsi ilə bəhailər beynəlxalq təşkilatlarla daha rəsmi münasibətlər qurmağa başladılar. 1948-ci ildə dünya bəhailərini təmsil edən Beynəlxalq Bəhai İcması (BBİ) beynəlxalq qeyri-hökumət təşkilatı kimi Birləşmiş Millətlər Təşkilatında qeydiyyatdan keçdi. BBİ Birləşmiş Millətlər təşkilatının əsas konfrans və komissiyalarında fəal iştirakçıdır və tez-tez azlıqların hüquqları, qadınların vəziyyəti, cinayətlərin qarşısının alınması, uşaqların və ailələrin rifahı kimi müxtəlif mövzular üzrə sənəd və bəyanatlar təqdim etmişlər.
Hansı səviyyədə baş verməsindən asılı olmayaraq, bəhailərin diskurslarda iştirakının məqsədi konkret bir məsələdə Bəhai mövqeyini qəbul etmək üçün başqalarını inandırmaq deyil. Bəhailərin niyyəti bu da deyil ki, iqlim dəyişikliyi, qadınların sağlamlığı, ərzaq istehsalı yaxud yoxsulluğun yüngülləşdirilməsi kimi insanlığın üzləşdiyi problemlərə xüsusi həll yolu təklif etsinlər. Bunlar nə də ictimai əlaqələr yaxud akademik çalışmalardır. Əslində, bəhailər öyrənməyə və səmimi söhbət etməyə çalışırlar. Bəhailər sivilizasiyanın inkişafında Həzrət Bəhaullahın təlimlərinin tətbiq edilməsi üçün özlərinin qoyduqları səylərdə öyrəndiklərini bölüşməyə, onlarla eyni baxışa malik fərdlər və qruplarla birgə və onlardan öyrənməyə can atırlar.